VPN (Virtual Private Networks) Nədir? VPN Nə Üçün İstifadə Olunur və Necə Əldə Edə Bilərik?

Share this post

İstifadəçilər internetdən evdə istifadə edərkən və ya ümumi Wi-Fi şəbəkələrinə qoşularkən onlayn məxfilikdən daha çox narahat olurlar və bu da trafikin şifrələnməsi üçün xüsusi virtual şəbəkə (VPN) xidmətlərindən istifadə olunmasına səbəb olur. İsər internet servis provayderinizin onlayn fəaliyyətinizi izləməsindən narahat olun, istər məlumatlarınızı və şəxsiyyətinizi təhlükəsiz saxlamaq istəyin və ya coğrafi bloklanmış kontentə daxil olmağa çalışın, bir VPN kömək edə bilər. Bələdçimiz VPN-nin nə olduğunu anlamağınıza və ehtiyaclarınız üçün ən yaxşı VPN proqramını seçməyinizə kömək edəcəkdir.

VPN Nədir?

VPN xüsusi virtual şəbəkə deməkdir. İnternetdə göndərdiyiniz və ya aldığınız hər hansı bir məlumatı gizlədə bilən bir növ xüsusi tuneldir. Yəni VPN, məlumatlarınızı internet servis provayderinizdən (ISP), axtarış tarixçənizi izləmək istəyən reklamverənlərdən və məlumatlarınızı oğurlamaq istəyən zərərli şəxslərdən gizli saxlayır. Eyni zamanda başqa bir yerdə onlayn olduğunuzu göstərə bilər.

Şirkətlər məlumatları onlayn olaraq qorumaq üçün ənənəvi olaraq VPN bağlantısından istifadə edirdilər, lakin son vaxtlar şəxsi istifadə üçün VPN xidmətlərində artım olmuşdur. Məsələn, canlı yayım xidmətlərində coğrafi olaraq məhdudlaşdırılan kontentə daxil olmaq, ümumi Wi-Fi şəbəkələrindəki filtrlərdən keçmək və maliyyə saytlarına daxil olarkən məlumatların təhlükəsizliyini təmin etmək üçün VPN istifadə edilir.

Kompüterinizdə, tabletinizdə, mobil cihazınızda, smart televizorunuzda və ya ruterinizdə VPN istifadə edə bilərsiniz. Bu cihazlardan hər hansı birində VPN istifadə etmək yerinizi onlayn olaraq gizlədərək daha çox anonim qalmağınıza kömək edə bilər və sizi ümumi Wi-Fi-ya qoşulduqda əlavə təhlükəsizliklə təmin edə bilər.

Bu təhlükəsiz əlaqəni yaratmaq üçün kompüterinizi başqa bir yerdəki bir VPN serverinə bağlayan VPN adlanan bir proqramdan istifadə edirsiniz. Kompüterinizlə server arasındakı bütün trafik şifrələnir və başqalarının paylaşdığınız məlumatları görməsinə mane olur.

VPN protokolu: Bu, bir VPN istifadəçiləri məlumat göndərmək və qəbul etmək üçün istifadə etdiyi və eyni zamanda bu məlumatın nə olduğunu hər kəsdən gizlədən texnologiyadır. Hər protokol kompüterinizlə VPN server arasında əlaqə qurmaq üçün fərqli qaydalar və əməliyyatlardan istifadə edir. Bəzi protokollar daha güvənli, bəziləri isə daha sürətli və ya müəyyən bir məqsəd üçün daha uyğundurlar. IKEv2 və OpenVPN kimi populyar protokollar sürət, təhlükəsizlik və etibarlılıq təklif edən yaxşı protokol nümunələridir.

VPN Server: VPN server, kompüterinizin VPN vasitəsilə qoşulduğu hər hansısa uzaq bir yerdəki güclü bir kompüterdir. Digər istifadəçilər də eyni vaxtda bu kompüterə bağlıdır. Kompüterinizdə bir veb səhifəyə daxil olduqda, VPN sorğunu VPN serverinə göndərir. Daha sonra veb sayt sorğunu sizdən yox, serverdən gəlirmiş kimi görür. Beləcə, siz özünüzü başqa bir ölkədə və ya başqa bir yerdəymişsiniz kimi göstərə bilərsiniz. Daha çox server və daha çox server yeri olan bir VPN xidmət provayderi, güclü kompüteri daha az istifadəçi ilə bölüşdüyünüz üçün VPN-in daha sürətli işləməsinə kömək edir. Bu,coğrafi cəhətdən həqiqi yerinizə yaxın bir server seçə bildiyiniz zaman internet sürətinizi də artıra bilər.

IP adresi: Veb saytların və xidmətlərin məlumatları geri göndərmək üçün istifadə etdiyi cihazınızın onlayn ünvanı. IP adresiniz fiziki yeriniz, istifadə etdiyiniz cihaz növü və hətta istifadə etdiyiniz brauzer kimi təfərrüatları da əhatə edə bilər.

Statik / Xüsusi IP: Statik və ya xüsusi bir IP, VPN-lə hər dəfə qoşulduğunuz zaman sahib olduğunuz spesifik bir IP ünvanı kimidir. Onsuz hər dəfə onlayn olduqda IP adresiniz dəyişə bilər. Xüsusi bir IP-yə sahib olmaq, başqa bir istifadəçinin səhv davranışı səbəbindən paylaşılan bir ünvanın bloklanması kimi paylaşılan IP ünvanları ilə bağlı problemlərin qarşısını alır.

P2P Funksionallığı: Bu bir VPN’nin torrent tətbiqi kimi digər istifadəçilərlə faylları paylaşmaq üçün P2P (peer-to peer) tətbiqetmələrindən istifadə etmənizə imkan verdiyi deməkdir. P2P-nin faydalı olduğu durumlara örnək olaraq, açıq mənbəli proqramı yükləmək və ya çoxoyunçulu onlayn oyununuzu güncəlləməyi göstərmək olar.

Qəza keçidi (Kill Switch): Bu xüsusiyyət daim VPN bağlantınızı yoxlayır və əlaqə uğursuz olarsa, Kill Switch internet bağlantınızı bloklayır ki, VPN yerində olmadan heç bir şey göndərilməsin. VPN yenidən aktiv olduqda, Kill Switch avtomatik olaraq sönür və internetdə gəzinməniz (brauzinq) davam edə bilər.

Data Tarixçəsi (Data Logging): VPN data loq brauzinq tarixçənizi, IP adresinizi və digər məlumatlarınızı izləyə bilər. Loqqinq qaydaları VPN servis provayderinə görə dəyişir, buna görə də şirkətinizin məxfilik siyasətini yoxlamaq vacibdir. Nə qədər az məlumat saxlansa, məxfiliyiniz üçün bir o qədər yaxşıdır.

VPN Nə Edir?

VPN internet fəaliyyətinizi başqalarından gizlədir və yerinizi fərqli bir şəhərdə və ya ölkədə kimi göstərə bilir.

Bizneslər işçilərin evdə işləyərkən və ya səyahət edərkən şirkətin verilənlər bazasına qoşulma ehtiyacı olduqda məlumatları təhlükəsiz saxlamaq üçün VPN istifadə edirlər. Bu tip VPN xidməti, kompüterinizin serverlərlə eyni şəbəkədə görünməsini təmin edir və tətbiqetmələrə, məlumatlara sanki ofisinizdəymişsiniz kimi giriş imkanı verir.

Bir çox şəxsi istifadəçi təhlükəsizlik və məxfilik üçün VPN xidmətinə etibar edir. Şirkət məlumatlarını təhlükəsiz saxlayan həmin şifrələmə, evdə olanda və ya ümumi şəbəkələrdən istifadə edərkən brauzinq təhlükəsizliyini təmin edə bilir. Bu xidmət həm də IP adresinizi veb saytlardan gizlədə bilir və onlayn gördüyünüz işləri internet provayderinizdən gizli saxlaya bilir.

VPN istifadə etmək internetdə gəzinmənin (brauzinq) və yayımın bir hissəsini sürətləndirə bilər. Bunun səbəbi, bəzi internet provayderlərinin xüsusi xidmətlərə və ya veb saytlara trafiki yavaşlatmasıdır.

VPN başqa bir yerdəymişsiniz kimi görünməyinizi də təmin edə bilir. Bu, çox vaxt yalnız müəyyən bir bölgədə və ya ölkədə mövcud olan yayım servisinə daxil olmaq üçün edilir. Məsələn, bölgənin bloklanması səbəbindən normal olaraq sizə əlçatmaz olan bir idman növünün yayımına daxil olmaq üçün fərqli bir ölkədə olduğunuzu göstərə bilərsiniz. Bunun işləməsi üçün qoşulacağınız yayımın gəldiyi yerlərdə VPN serverlərinin olduğundan əmin olmalısınız və canlı yayım xidmətinin özünə abunə olmalısınız.

Bəzi məktəblərin, şirkətlərin və ya hökumətlərin müəyyən veb saytları bloklamaq üçün qoyduqları kontent filtrlərindən qaçınmaq üçün də xüsusi virtual şəbəkədən (VPN) istifadə edə bilərsiniz.

P2P yükləmələri üçün torrent tətbiqetmələrindən istifadə edirsinizsə, bu trafiki internet provayderinizdən gizlətmək üçün VPN-dən yararlana bilərsiniz. Bu, böyükhəcmli leqal yükləmələriniz üçün daha sürətli yükləmələ təmin edə bilər, çünki internet provayderi çox bant genişliyindən istifadə etdiyinizi aşkar edərsə trafikinizi ləngidə bilər.

VPN Necə İşləyir?

VPN məlumatlarınızı şifrələyərək və sonra yerlər arasında hərəkət etdirmək üçün bir növ tuneldə gizlədərək işləyir. Eyni zamanda, uzaq bir serverdən istifadə edərək sizi başqa bir yerdəsiniz kimi göstərə bilər.

Bir VPN istifadə etdikdə, cihazınızdakı VPN proqramı internet trafikini göndərmədən əvvəl şifrələyir. Şifrələmə məlumatlarınızı gizli saxlayır. Digər tərəfdən, fərqli bir yerdəki bir VPN server məlumatların şifrəsini açır. Buradan server sorğunuzu bir veb sayta və ya bir yayım servisinə göndərir. Cavab gəldikdən sonra, server yenidən məlumatları şifrələyir və yenidən cihazınıza göndərir. VPN proqramı və server məlumatları şifrələmək və göndərmək üçün bir VPN protokolundan istifadə edir.

Server məlumatlarınızı göndərəndə veb sayt və ya servis serverin IP adresini görür, beləliklə IP adresiniz gizli saxlanılır. IP ünvanı, kompüterinizin coğrafi yeri, hansı brauzerdən istifadə etdiyiniz və digər müəyyənedici məlumatlar kimi məlumatları ehtiva edir. Bu, fərqli bir IP ünvanı istifadə edərək başqalarının onlayn fəaliyyətinizi bir-biri ilə əlaqələndirib anlamasına mane olur.

Əksər hallarda siz cihazlarınızın hər birində VPN xidmətindən istifadə edirsiniz, lakin Wi-Fi ruterinizdə işləyən bəzi VPN xidmətləri var. Ruterinizə bir VPN quraşdırmaq, evinizdəki bütün cihazları fərdi tətbiqetmələr olmadan bir VPN-ə qoşmağı asanlaşdırır və özəl şəbəkənizi qoruyur. Birincisi, VPN provayderləri ruteri tipik olaraq bir cihaz kimi saydıqları üçün tez-tez eyni anda daha çox cihaz qoşmağınıza imkan verir. İkincisi, ağıllı televizorları, oyun konsollarını, media yayımı cihazlarını, körpə monitorlarını və Wi-Fi bağlantısı olan hər hansı bir cihazı VPN-ə bağlayır. Dizüstü kompüterinizi, planşetinizi və telefonunuzu eyni anda qoşa bilmək üçün bərabərzamanlı bağlantını dəstəkləyən bir VPN əldə etmək vacibdir.

Niyə VPN İstifadə Etməliyəm?

VPN-lər nədə işə yarayır:

  • Onlayn fəaliyyətinizi gizlətmək
  • Başqa bir məkanda olduğunuzu göstərmək
  • Kontent filtrlərindən qaçınmaq
  • Fayl paylaşımından istifadə
  • İctimai Wi-Fi istifadə edərkən sizi hakerlərdən qorumaq

 

VPN-lər nədə işə yaramır:

  • Servisə abunə olmadan yayım xidmətlərini izləmək
  • Onlayn fəaliyyətinizi tamamilə anonimləşdirmək
  • Bütün virusları və ya zərərli proqramları bloklamaq (xüsusi VPN xidməti ilə əlavə təhlükəsizlik xüsusiyyəti olmadıqda)

“İstehlakçı VPN-ləri, istehlakçının onların internet servis provayderinin gəzdikləri və yüklədikləri şeylər barədə məlumat sahibi olmasını istəmədikdə, məxfilik qorunması üçün istifadə olunur” deyə kiber təhlükəsizlik firması Simple Cyber LLC-nin direktoru Nick Consolo izah edir. VPN-dən “məxfiliyinizi qorumaq istədiyiniz zaman, həmçinin ictimai Wi-Fi, hava limanı, otellər və s. kimi yerlərdə təhlükəsizliyinə nəzarət etmədiyiniz bir şəbəkədə olduğunuz zaman” istifadə etməyi tövsiyə edir.

Federal Rabitə Komissiyası (FCC), həmçinin mobil səyyahlara ictimai şəbəkələrə qoşularkən VPN istifadə etmələrini tövsiyə edir. Ümumi bir Wi-Fi şəbəkəsinə qoşulduğunuzda, VPN sizi məlumatlarınızı (parolunuz kimi) oğurlamağa və ya faydalanmağa çalışanlardan (sizi zərərli veb saytına göndərməklə) qoruyur. Kontent süzgəcindən istifadə edən ümumi bir əlaqə qurduğunuzda, VPN normal olaraq bloklanmış veb saytlara və xidmətlərə daxil olmanıza kömək edə bilər.

VPN, ümumi Wi-Fi ilə əlaqə qurarkən daha çox faydalı olsa da, onu evdə də istifadə etmək istəyə bilərsiniz. Onu brauzinq fəaliyyətinizi gizlətmək üçün istifadə edə bilərsiniz. İnternet provayderiniz müəyyən veb saytları və xidmətləri yavaşlatsa, VPN bəzi xidmətlərə internet bağlantınızı sürətləndirə bilər.

Unutmayın ki, bəzən VPN istifadə etmək internet sürətinizi ləngidə bilər. Xüsusən də kompüteriniz zatən zəifdirsə. Consolo, “VPN bütün internet trafikinizi şifrəli bir tunel vasitəsilə əhatə edib örtür” deyir. “Şifrələmənin verdiyi əlavə yük və trafiki yönləndirmək üçün daha çox şəbəkə atlayıcısı əlavə olunması gecikmə yaradır ki, bu da xidmətlərə qoşulmanı yavaşlaşdırır. “Bu səbəbdən çoxlu sayda serverləri və müasir VPN protokolları olan bir VPN təminatçısı axtarmaq lazımdır.

Evdə VPN istifadə edərkən eyni zamanda başqa bir yerdə olduğunuzu göstərmək üçün də VPN-dən yararlana bilərsiniz. Bu, çox vaxt coğrafi olaraq bloklanan məzmundan media yayımlamanız; və ya başqa bir ölkədəki mağazanın fərqli versiyalarından alış-veriş etmənizi təmin edir. Hətta veb saytlar məkanınız və brauzinq tarixçəniz kimi amilləri nəzərə alaraq qiymətləri tənzimlədiyindən bu, daha yaxşı təkliflər tapmanıza imkan yarada bilər.

Ümumiyyətlə insanlar  bölgə tərəfindən bloklanmış kontenti yayımlamaq üçün tez-tez VPN istifadə etsələr də, kontent təminatçıları bununla daima mübarizə aparırlar və hətta bəzi VPN trafiklərini uğurla bloklaya bilirlər.

Bu səbəbdən xidməti test edə bilmək üçün pulsuz sınaq və ya ödənişi geri qaytarma zəmanəti olan bir VPN axtarmaq vacibdir.

Açıq mənbəli proqram və ya çoxoyunçulu oyunçün güncəlləmə kimi böyük bir fayl yükləmək məqsədilə bir P2P xidmətindən istifadə etməyiniz lazım olduqda, internet provayderiniz trafikinizi yavaşlada bilər. VPN yerində olduqda isə, yükləmə daha sürətli olacaq.

VPN, brauzinq fəaliyyətinizi internet provayderinizdən gizlədə bilər və yerinizi dəyişdirə bilər, ancaq onlayn profilinizi tamamilə anonim edə bilməz. Çərəzlər və digər texnologiyalar bəzi veb saytların sizi izləməsini hələ də mümkün edir. VPN-in məxfilik siyasətinə və lokal data toplama qanunlarına əsasən, bəzi VPN-lər onlayn fəaliyyətinizi bir dövlət qurumundan tamamilə gizlətmir və rəsmi sorğu göndərilsə onlayn fəaliyyətləriniz barədə məlumatları təhvil verə bilər.

VPN eyni zamanda antivirus və ya zərərli proqram təminatının əvəzedicisi deyil. Bəzi VPN təminatçıları zərərli proqram təminatını, pop-up reklamları və izləməni bloklamaq imkanına malikdirlər, lakin bu, həmişə keyfiyyətli bir antivirus məhsulu ilə eyni tip sistem taraması olacağı anlamına gəlmir.

Ən Yaxşı VPN-lər Hansılardır?

Ən yaxşı VPN-lərin bir neçə ümumi cəhəti var. Məsələn, 2020-ci ilin ən yaxşı VPN-lərinin bizim reytinqimizdəki bütün seçimləri, P2P yükləmələrini, qəza keçidini (kill switch) dəstəkləyir və VPN istifadənizlə bağlı saxladıqları məlumatları məhdudlaşdırmaq üçün bir növ qeyd aparmama siyasətindən istifadə edirlər.

Consolo, “Qeyd aparmayan bir VPN hər hansı bir daxil olan və ya çıxan bağlantı məlumatını qeyd etmir. Bu səbəbdən gizliliyi qoruyur, çünki fəaliyyətdən sonra birinin onu nəzərdən keçirməsi üçün bir trafik qeydi yoxdur. Dolayısıyla paylaşmaq, satmaq üçün bir hər hansı bir informasiya yoxdur” şəklində izah etmişdir. “Bu gizlilik tərəfdarları üçün çox yaxşı bir şeydir, lakin keçmişdə bunu etdiklərini iddia edən bəzi provayderlər belə deyildi, yəni araşdırmanızı edin.”

İstifadəçi gizliliyi kimi rəqəmsal səbəbləri dəstəkləyən bir qeyri-kommersiya təşkilatı olan The Electronic Frontier Foundation, istifadəçilərə OpenVPN və ya IPSec protokollarını dəstəkləyən bir VPN axtarmalarını tövsiyə edir. Bu protokolların seçilməsinin “mövcud olan ən yaxşı təhlükəsizliyi” təmin etdiyi bildirilmişdir.

Birdən çox cihazı dəstəkləyən VPN provayderlərini və ev ruterinizə VPN quraşdırmaq imkanı təklif edən şirkətlərini axtarın. “Bir VPN-i bir ruterlə konfiqurasiya etmək, hər cihaza fərdi proqramlar / tətbiqlər quraşdırmağa ehtiyac olmadan bütün cihazlarınız üçün daha geniş əhatə təmin edə bilər. Bu, şəbəkənizdə ola biləcək hər hansı bir qonaq cihazı da əhatələməyi təmin edir.” kəşfiyyat analitiki Preston McNair demişdir.

Sizin üçün bir neçə VPN xidmətini tövsiyə edirik:

  1. ExpressVPN
  2. PrivateVPN
  3. NordVPN
  4. Windscribe
  5. Private Internet Access
  6. CyberGhost
  7. Surfshark
  8. TunnelBear
  9. IPVanish
  10. ProtonVPN

VPN Tətbiqi Nədir?

VPN-dən istifadə etməyin iki əsas yolu var: brauzer uzantısı və ya VPN tətbiqi vasitəsilə. VPN tətbiqini mobil cihazınıza, masaüstü kompüterinizə və noutbukunuza yükləyə bilərsiniz. Bəzi şirkətlərdə yayım cihazları, oyun konsolları və internetə qoşulan digər cihazlar üçün də tətbiqlər var.

VPN applikasiyasından istifadə etmək üçün əvvəlcə onu cihazınıza yükləməlisiniz. Başqa bir cihazda qurduğunuz bir abunəliyə daxil olmaq üçün tətbiqetmə vasitəsilə giriş edin. Proqramı ilk dəfə yüklədiyiniz zaman cihazınıza bir konfiqurasiya profili quraşdırmaq üçün sizə atacağınız addımları başa sala bilər (VPN-dən istifadə etmək üçün). Tətbiqi açdıqdan sonra bir server seçin və etibarlı bir brauzinq sessiyası üçün VPN-ə qoşulun.

VPN tətbiqi və konfiqurasiyası cihazınızın internet bağlantısının şifrələnərək başqa bir yerdə VPN serverinə göndərilməsinin bütün texniki cəhətlərini idarə edir. Bir çox VPN applikasiyaları sizə bildiriş göndərmək üçün bunu sizdən soruşurlar. Bununla əsasən hesabınızda və ya VPN bağlantısında bir problemin olub olmadığından xəbəriniz olur. Məsələn, VPN uğursuz olarsa və qəza keçidi işə düşərsə, xəbərdarlıq görəcəksiniz. Bəzi applikasiyalar, qəzalar, sürət testləri və oxşar məlumatlar kimi anonim dataları VPN servisi ilə paylaşmağın sizin üçün uyğun olub olmadığını soruşur. Bağlantınızın dəyəri və ya performansında hər hansı bir dəyişiklik etmədən paylaşmağı və ya paylaşmaqdan imtina etməyi seçə bilərsiniz.

Doğru provayderi seçmək vacibdir və tətbiq mağazasından hər hansı bir VPN seçmək əvəzinə etibarlı bir şirkət seçməyinizi məsləhət görürük. İllik ACM İnternet Ölçmə Konfransında nəşr olunan bir araşdırmada, 2016-cı ildə Google Play Store-da Android VPN tətbiqlərinin 38%-də ən azı bir növ zərərli proqramın olduğunu aşkar edilmişdir. Buna görə də doğru VPN və doğru tətbiqetmə seçmək xüsusilə vacibdir.

Cihazınız üçün heç bir VPN tətbiqi mövcud deyilsə, VPN-i manuel qurmalısınız. Bu, ruterlərdə və oyun konsollarında geniş yayılmışdır. Ən yaxşı VPN-lər, quraşdırma təlimatlarında bu addımların necə atıldığını başa salır.

VPN planı üçün aylıq ödəniş edirsinizsə, ayda 5-13 dollar, 12 aylıq abunəlik üçün isə 50-100 dollar xərcləyəcəyinizi gözləyin. Bir çox provayder 3-6 aylıq abunəlik və 3 il müddətinə qədər bir neçə təkliflər verirlər. Tipik olaraq, əvvəlcədən nə qədər uzunmüddətli öhdəlik götürsəniz, endiriminiz o qədər böyük olar.

Ən yaxşı VPN seçimlərimizin hamısı, heç bir öhdəlik olmadan aylıq ödənişli eləcə də daha uzunmüddətli abunəliklər təklif edirlər və adətən endirimli 12 aylıq abunəliklərdə endirim olur.

VPN qiymətlərini və seçimlərini müqayisə edərkən pulsuz sınaq və ya pul geri qaytarma zəmanəti olan birini axtardığınızdan əmin olun. Baxmayaraq ki, 24 saat ilə 45 gün arasında dəyişə bilər, 30 günə pul geri qaytarma zəmanəti əksər VPN təminatçılarında mövcuddur. Bir neçə provayder pulsuz VPN sınağı və ya məhdud seçimlərlə pulsuz VPN xidməti təqdim edir. Reytinqlərimizdə olmayan bir pulsuz VPN seçərkən ehtiyatlı olun, çünki bəziləri zərərli proqramlar ehtiva edir.

Planınızın dəstəklədiyi cihaz sayından asılı olaraq evinizdəki bütün cihazları əhatə etmək üçün əlavə bir abunəlik almağınız lazım ola bilər. Şirkətlər VPN yüklədiyiniz cihaz sayını deyil, aktiv cihazları saydıqları üçün ikinci abunəlik almadan əvvəl xidməti sınayın. Evinizdə bir çox cihazı dəstəkləməyiniz lazımdırsa, VPN-i ruterinizə qura bilərsiniz, bu da ev şəbəkənizdəki hər cihazla, hətta ağıllı televizorlar və oyun konsolları ilə VPN istifadə etməyə imkan verəcəkdir.

VPN Necə Qurulur?

VPN şirkətini seçdikdən sonra orada hesab açmaq üçün qeydiyyatdan keçməlisiniz və dolayısıyla VPN tətbiqini yükləməlisiniz. Xidmətlərin əksəriyyəti sadə bir quraşdırma prosedurundan ibarətdir. Bu səbəbdən kompüterinizdə və ya mobil cihazınızda VPN qurmaq və onu istifadə etmək üçün bir texnologiya mütəxəssisi olmağınıza ehtiyac yoxdur. Ruterinizdə VPN quraşdırmaq biraz daha çox vaxt tələb edir, lakin bunu etmək də nisbətən asandır.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.